Qazax seysmik stansiyası
Stansiya haqqında
Qazax rayonu Azərbaycanın qərb hissəsində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan geniş Gəncə - Qazax düzənliyinin şərq hissəsində yerləşir. Rayonun ərazisi şimal-qərbdə Gürcüstan Respublikası ilə, cənub və cənub-qərbdə Ermənistan Respublikası ilə həmsərhəddir. Rayonun ərazisinin relyefi mürəkkəbdir. Kür çayı sahilində dəniz səviyyəsindən hündürlük 100 m olmaqla cənubda getdikcə tədricən 1000 metrə qədər yüksəlir. Ən hündür yüksəklik Odun dağıdır (1316 m). Ehtimallara görə, Qazağın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur.Müxtəlif dövrlərdə Qazax sultanlıq olub. Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Dünya əhəmiyyətli abidələr sırasında olan Damcılı mağarası – Daş Salahlı kəndində Avey dağının cənub-şərqində yerləşir. Qazaxda həmçinin İkinci Şıxlı kəndində Ehram (Xram) çayı üzərindədir XII əsrdə inşa edilmiş sınıq Körpü, V-VI əsrlərə aid Avey dağının cənub zirvəsində 992,5 metrdə yerləşən Alban Avey məbədi, Aşağı əskipara ərazisində yerləşən məbəd (V-VIII əsrlər) var. Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində Aşağı və Yuxarı Əskipara kəndlərində olan abidələr, eləcə də Məzəm kəndində olan tarixi körpü dağıdılmışdır.