Astara seysmik stansiyası
Stansiya haqqında
Astara rayonu
Rayon cənub-qərbdən və cənub-şərqdən İranla həmsərhəddir. Mərkəzi Astara şəhəridir.
Relyefi qərbdə dağlıq (Talış silsilələri), şimal-şərqdə düzənlikdir (Lənkəran ovalığı). Dağlıq hissədə bəzi zirvələrin hünd. 2000 m-ə yaxındır.
Xəzər sahilində dar zolaqda Antropogen, dağlıq və dağətəyi yerlərdə isə Paleogen çöküntüləri yayılmışdır. Mineral bulaqlar (Ağ körpü, İstisu, Sım, Bi, Toradi, Şeyx Nəsrullah bulaqları və s.) var. İqlimi yayı quraq keçən mülayim istidir. Rayonun düzənlik və dağətəyi hissəsi respublikanın rütubətli subtropik zonasına daxildir. Orta temperatur yanvarda -l,5°C-dən 4°C-dək, iyulda 15-25°C-dir. İllik yağıntı 1200-1750 mm-dir. Ərazidən Təngərud çayı, İran İslam Respublikası ilə dövlət sərhədi boyu isə Astara çayı axır. Qleyli-podzollu sarı, qonur dağ-meşə, çimli dağ-çəmən və s. tipli torpaqlar yayılmışdır. Rayon ərazisinin çox hissəsi (37,4 min ha) meşələrlə örtülüdür. Burada relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiya, azat, həmçinin palıd, vələs, fıstıq, qoz, qızılgöz, cökə və s. bitir. Hirkan Milli Parkının çox hissəsi Astara rayonundadır. Astara şəhərinin adı qədim dünya alimlərinin kitablarında, səyyahların qeydlərində, coğrafiyaşünasların xatirələrində öz əksini tapmış, bu məntəqə barədə müəyyən maraqlı məlumatlar verilmişdir.
Astara bir qədim yaşayış məntəqəsi olmaqla, tarixi İpək yolu onun ərazisindən keçmiş, Orta, Ön, Kiçik Asiya, Çin, Hindistan və Ərəb dünyası ilə geniş əlaqələr qurulmuşdur. Astara şəhərinin cənub-qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində Astara çayının kənarında çox qədim tarixə malik olmaqla karvansara - ribat mövcud olmuşdur. Həmin karvansaranın qalıqları aşkar edilmiş və onun VII əsrə aid olması müəyyən olunmuşdur.