RSXM və AFAD arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumuna həsr olunmuş tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəhbəri, professor Orhan Tatar, Ankara Universitetinin professoru Bahadır Aktuğ, AFAD-ın Zəlzələ Departamentinin əməkdaşları Vedat Özsarac, AFAD-ın Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Maruf Yaman, RSXM-nin kollektivi və digərləri iştirak ediblər.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Ümummilli lider Heydər Əliyevin xüsusi roluna diqqət çəkən, Ümummilli liderin bu münasibətləri “Bir millət, iki dövlət” kimi xarakterizə etdiyini söyləyən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli deyib ki, Türk dövlətlərinin birliyinin bir araya gəlməsində də bu böyük dövlət xadiminin böyük əməyi var. Azərbaycan-Türkiyə münasibətlərinin bu gün prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səyləri ilə daha da inkişaf etdiyini vurğulayan AMEA Prezidenti “Bir millət, iki dövlət” kəlamının dövlətlərarası münasibətlərin bütün sahələrində strategiya səviyyəsinə yüksəldiyini söyləyib.
AMEA prezidenti hazırda Azərbaycan-Türkiyə münasibətlərinin qızıl dövrünü yaşadığını bildirib. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) arasında əməkdaşlığa dair məsələlər müzakirə olunur. Respublika Seysmoloji Xidmət Mərkəzinin AFAD-la əlaqələri üzün müddətdir ki, mövcuddur. Türkiyədə zəlzələdən dərhal sonra bu ölkədə ilk tədqiqatı aparanlar arasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, professor Qurban Yetirmişlinin başçılığı altında Azərbaycan seysmoloqları olub. Dünən də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. AFAD-ın rəhbəri Okay Memişin təyinatından sonra ilk səfər etdiyi ölkə Azərbaycan olub. AMEA prezidenti, akademik İsa Həbibbəyli deyib ki, dünən imzalanan Anlaşma Memorandumu əməkdaşlığın inkişafı, ortaq layihələrin həyata keçirilməsi baxımından böyük önəm daşıyacaq.
Akademik İsa Həbibbəyli xatırladıb ki, artıq AFAD-ın dəstəyi ilə Şuşada seysmik stansiya qurulur. Bir aydan sonra bu işlər başa çatacaq. AMEA prezidenti, akademik İsa Həbibbəyli tərəflərə əməkdaşlıq sahəsində uğurlar arzulayıb.
Daha sonra Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəhbəri, professor Orhan Tatar Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündə qəbul edilən qərarların əhəmiyyətindən danışıb. Professor Orhan Tatar çıxışında Türkiyədə bu ilin fevralın 6-da baş verən zəlzələ haqqında danışıb. Baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında qardaş ölkənin misilsiz dəstək verdiyini qeyd edən professor Orhan Tatar öz ölkəsi adından dost, qardaş Azərbaycana bir daha təşəkkür edib.
Orhan Tatar AFAD-ın 2009-cu ildə qurulmasına baxmayaraq, böyük təcrübəyə malik olduğunu, zəlzələ risklərinin azaldılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. AFAD-ın malik olduğu texnologiyaların Azərbaycana transferinin qurumun başlıca hədəflərindən olduğunu deyən Orhan Tatar bu istiqamətdə atılmış ilk addım olan Şuşada seysmik stansiyanın qurulması işlərinin tezliklə yekunlaşacağını söyləyib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli hazırda RSXM-də aparılan kompleks seysmoloji-geofiziki-geokimyəvi elmi tədqiqat işləri və alınan nəticələr haqqında iştirakçılara ətraflı məlumat verib, mərkəzin fəaliyyət istiqamətləri, seysmik stansiyaları, il ərzində qeydə alınan zəlzələlər və aparılan tədqiqatlara dair təqdimatla çıxış edib.
Professor Qurban Yetirmişli mərkəz əməkdaşları tərəfindən qardaş Türkiyənin zəlzələ bölgəsində ən çox dağıntıya məruz qalan Kahramanmaraş şəhəri və zəlzələnin episentrində olan Pazarcık qəsəbəsində apardıqları qravimetrik, maqnitometrik, mühəndisi-seysmik və makroseysmik tədqiqatlardan da söz açıb. AFAD-la zəlzələlərin tədqiqi sahəsində nəzərdə tutulan əsas elmi istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini diqqətə çatdıran professor Qurban Yetirmişli həmçinin Şuşada türkiyəli həmkarları tərəfindən verilən seysmik stansiyanın quraşdırılması işlərinin davam etdiyini bildirib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və AFAD arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumdan bəhs edən AMEA-nın vitse-prezidenti Arif Həşimov bildirib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi bu sahədə də əməkdaşlıq öz bəhrəsini verəcək.
Daha sonra Ankara Univeristetinin professoru Bahadır Aktuğ, AFAD-ın Zəlzələ Departamentinin əməkdaşları Vedat Özsarac, AFAD-ın Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Maruf Yaman və başqaları çıxış edərək Anlaşma Memorandumunun ölkələrimiz və qurumlarımız arasında əlaqələrin inkişafına daha da təkan verəcəyini söyləyiblər.
Sonda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Orhan Tatara Azərbaycanla bağlı xatirə hədiyyəsi təqdim edib, Orhan Tatar isə AMEA-nın prezidentinə xəritə hədiyyə edib.