Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin və AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin rəhbərləri arasında onlayn görüş keçirilib

11 Oktyabr 2022
RSXM-nin və AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin rəhbərləri arasında onlayn görüş keçirilib

Oktyabrın 11-də Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakətlər və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ və Risklərin  Azaldılması  Baş İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin nümayəndələri arasında növbəti görüş keçirilib. “Zoom” platforması üzərindən keçirilən görüşdə AFAD-ın Zəlzələ və Risklərin  Azaldılması Baş İdarəsinin rəhbəri Vali Yunus Sezer, baş meneceri, professor Orhan Tatar, Zəlzələ Departamentinin Zəlzələ Müşahidələri Sisteminin rəhbəri Vedat Özsarac, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Zəlzələ ocaqlarının dinamikası”  şöbəsinin müdiri , geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları – Ələsgər Əliyev və Cavid Zeynalzadə iştirak ediblər. 

                              

Görüşdə iki qardaş ölkə arasında seysmoloji sahədə əməkdaşlığın genişləndirilməsi, seysmik stansiya məlumatlarının qarşılıqlı mübadiləsi, AFAD-ın Zəlzələ Departamentinin  Azərbaycana hədiyyə etdiyi və Şuşa şəhəri ətrafında quraşdırılması nəzərdə tutulan seysmik stansiyanın quraşdırılması ilə bağlı müzakirələr aparılıb. İki ölkə arasında seysmoloji əlaqələrin hazırki vəziyyəti ilə bağlı AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin baş meneceri, professor Orhan Tatar iştirakçılara məlumat verib.

                           

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, RSXM üçün Türkiyə ilə seysmoloji sahədə əlaqələrin dərinləşdirilməsi əsas prioritetlərdəndir. Baş direktor Şuşa şəhəri ətrafında Türkiyə tərəfindən verilən seysmik stansiyanın quraşdırılmasına da toxunub. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə olan mina təhlükəsinin tam aradan qaldırıla bilməməsi mərkəzin Qarabağda seysmik stansiyaların quraşdırılması ilə bağlı işlərini ləngidir. 

                              

AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin rəhbəri Vali Yunus Sezer bildirib ki, artıq Azərbaycana veriləcək stansiya hazırdır və yaxın vaxtlarda AFAD-ın nümayəndələri həmin stansiyanın quraşdırılması ətrafında texniki müzakirələri aparmaq üçün Azərbaycana səfər edəcəklər. Müzakirələr zamanı Şuşa ətrafında quraşdırılması nəzərdə tutulan stansiyanın yerinin seçilməsi, stansiya məlumatlarının qarşılıqlı mübadiləsi və maraq doğuran digər məsələlərə də aydınlıq gətirilib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi  

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə