Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin və AFAD-ın Zəlzələ Departamentinin rəhbərləri arasında onlayn görüş keçirilib

26 Sentyabr 2022
RSXM-nin və AFAD-ın Zəlzələ Departamentinin rəhbərləri arasında onlayn görüş keçirilib

Sentyabrın 26-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəhbərləri arasında “Zoom” platforması üzərindən onlayn görüş keçirilib. 

Görüşdə AFAD-ın Zəlzələ Departamentinin rəhbəri, professor Murat Nurlu, Zəlzələ Departamentinin Zəlzələ Müşahidələri Sisteminin rəhbəri Vedat Özsaraç və departamentin əməkdaşı Məltəm Türkoğlu, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və mərkəzin müvafiq şöbələrinin rəhbərləri iştirak ediblər. Müzakirələr zamanı AFAD-ın Zəlzələ Departamenti tərəfindən Azərbaycana veriləcək 1 ədəd seysmik stansiyanın Şuşa şəhərinin ətrafında quraşdırılması ilə bağlı atılacaq birgə addımlar və görüləcək işlərə toxunulub. 

RSXM-nin baş direktoru, professor Qurban Yetirmişli bildirib ki, işğaldan azad olunmuş ərazilərdə seysmik stansiyaların quraşdırılması RSXM-nin prioritet məsələsidir. Qarabağda seysmik stansiyaların quraşdırılması prosesinin ləngiməsinin azad olunmuş ərazilərin minalardan təmizlənməsinin davam etməsi ilə bağlı olduğunu deyən baş direktor bildirib ki, seysmik stansiyaların quraşdırılması üçün mütləq ərazilərə baxış keçirilməli və texniki parametrlərin uyğunluğu yoxlanılmalıdır. Eləcə də həmin ərazilərdə məskunlaşmanın olması da vacibdir ki, stansiyaların işləməsinə nəzarət etmək mümkün olsun.

Baş direktor bildirib ki, Türkiyə tərəfindən Azərbaycana hədiyyə olunacaq seysmik stansiyanın Şuşa şəhəri ətrafında quraşdırılması nəzərdə tutulur. “Bu həm də Şuşa şəhərinin bütün türk dünyasında böyük rəmzi əhəmiyyət daşıması və qardaşlığımızın, birliyimizin simvolu sayıla bilər”. 

AFAD-ın Zəlzələ Departamentinin rəhbəri, professor Murat Nurlu bildirib ki, oktyabr ayının sonunda bu məqsədlə AFAD rəhbərliyinin iştirakı ilə Azərbaycana səfər etmək niyyətindədirlər. AFAD nümayəndələrinin Şuşaya səfəri də nəzərdə tutulur. Səfər çərçivəsində Türkiyə və Azərbaycan seysmoloqları quraşdırılacaq seysmik stansiya ilə bağlı Şuşa ətrafı ərazilərə baxış keçirmək niyyətindədirlər.

Qeyd edək ki, görüşdə iki qardaş ölkə arasında seysmik stansiyaların məlumatlarının mübadiləsi, birgə beynəlxalq layihələrdə iştirak və s. məsələlərə də toxunulub. 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə