RSXM-də AFAD-ın Zəlzələ Departamentinin və MDSOFT şirkətinin nümayəndələri ilə görüş keçirilib

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin və Türkiyənin MDSOFT şirkətinin nümayəndələri Azərbaycanda səfərdədirlər. Yanvarın 9-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Türkiyədən olan nümayəndə heyəti ilə RSXM əməkdaşlarının görüşü keçirilib. Görüşdə AFAD-ın nümayəndə heyətinin rəhbəri, professor Bahadır Aktuğ, əməkdaşları - Doruk Şentürk və Engin Çoruh, MDSOFT şirkətinin nümayəndələri Kadır Yıldız və Okan Şahbaz, AMEA nəzdində RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov və “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin mühəndis-proqramçısı Nail Qazıyev iştirak ediblər.
Görüşdə AFAD-ın Zəlzələ Departamenti və AMEA nəzdində RSXM arasında əldə olunmuş Razılaşma Protokolu əsasında seysmik stansiyaların quraşdırılması, kadrların təcrübə mübadiləsi, baş verən zəlzələlərlə bağlı məlumatların mübadiləsinin aparılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr, eləcə də birgə layihələrin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.
Qeyd edək ki, səfər çərçivəsində AFAD-ın dəstəyi ilə Azərbaycanda yeni quraşdırılmış 22 ədəd seysmik stansiyalardan olan məlumatların emalı və analizi məqsədi ilə Türkiyədə hazırlanmış proqramların RSXM-də tətbiqi ilə bağlı azərbaycanlı mütəxəssislərə təlim keçirilməsi nəzərdə tutulub.
Təlimlərdə RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” və “Geodinamika” şöbəsinin əməkdaşları iştirak edəcəklər. Tərəflər arasındakı müzakirələr zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə aydınlıq gətirilib.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.