AMEA və AFAD arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Sentyabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) rəhbəri Okay Memiş, AFAD-ın Zəlzələ Departamentinin rəhbəri, professor Orhan Tatar, AFAD-ın nümayəndə heyətinin rəhbəri, professor Bahadır Aktuğ, AFAD-ın Zəlzələ Departamentinin əməkdaşları Vedat Özsarac və digərləri iştirak ediblər.
Anlaşma Memorandumunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AFAD-ın rəhbəri Okay Memiş imzalayıblar.
Anlaşma Memorandumuna əsasən, AFAD Zəlzələ və Risk Azaltma Baş İdarəsinin Zəlzələ İdarəsi tərəfindən inkişaf etdirilən Türkiyə Sürətləndirmə Məlumat Bazası və Analiz Sistemi (TADAS), Seysmogeodeziya Erkən Zəlzələ Xəbərdarlıq Sistemi (SIDER US), Zəlzələ Parametrinin Proqnozlaşdırılması və Analiz Sistemi (DEKAS), Zəlzələ Xəbərdarlığı və Məlumatlandırma Sistemi (DEMEBİS), Türkiyə Zəlzələ Məlumat Mərkəzi (TDVMS) ilə Zəlzələnin İlkin Qiymətləndirilməsi Forması və Hesabatının Avtomatik Hazırlanması üzrə proqram təminatına dair məlumatlar AMEA ilə koordinasiya ediləcək. İştirakçılar eyni sayda zəlzələ müşahidəsi və Qlobal Naviqasiya Peyk Sistemi (GNSS) stansiya məlumatlarının paylaşılmasını birlikdə əlaqələndirəcəklər. Eyni zamanda, yerüstü və dərin quyularda zəlzələ müşahidəsi, Qlobal Naviqasiya Peyk Sistemi (GNSS) stansiyalarının istismarı və məlumatların toplanması üzrə qarşılıqlı məlumat mübadiləsi aparılacaq. Anlaşma Memorandumuna əsasən, ölkələrarası razılaşdırılmış mövzular üzrə təlimlər, seminarlar və işçi toplantılar təşkil ediləcək.
Qeyd edək ki, Anlaşma Memorandumu Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi iki ölkə arasında əlaqələrin gücləndirilməsi məqsədilə 01 mart 2018-ci il tarixində Ankarada imzalanmış “Məlumat Mübadiləsi üzrə Əməkdaşlıq Protokolu”nun inkişafı nəticəsində seysmoloji təşkilatlar arasında elmi əməkdaşlığa olan ehtiyac nəzərə alaraq imzalanıb.